20 noy 10:26hadise

Gəncədə binada partlayış: ölən və yaralananlar var - Foto

Gəncədə binada partlayış: ölən və yaralananlar var - FotoGəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermiş partlayışla bağlı məlumat yayıb.

“Bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib" – məlumatda bildirilib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Səfayə Əhmədova Axar.az-a açıqlamasında dağıntı zamanı ölən və yaralanan şəxslərin hərbçi olduğunu bildirib. Onun sözlərinə görə, yaralı hərbçi Gəncədəki hərbi hospitala yerləşdirilib.

***

FHN Gəncədəki partlayışla əlaqədar növbəti dəfə məlumat yayıb.

"Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılmış, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.

Əlavə məlumat veriləcək" - məlumatda qeyd olunub.
loading...
XƏBƏR LENTİ