11 yan 17:03hadise

İntihar edən qadının qızından ŞOK İDDİA — Günahkar qardaşımdır

İntihar edən qadının qızından ŞOK İDDİA — Günahkar qardaşımdır2018-ci il yanvarın 4-də Şəmkir rayonu Könüllü kəndində Məhəmmədova Məxluqə Əmir qızının meyiti yaşadığı evin damında asılmış vəziyyətdə tapılıb. Dünyasını dəyişmiş qadını oğlu- Məhəmmədov Seymur hüquq-mühafizə orqanlarını məlumatlandırmadan tez bir zamanda dəfn edib.

Bu məlumatı "Ölkə.Az"-a Ukraynada yaşayan və anasının ölüm xəbərini eşidib Azərbaycana gələn Səbinə Məhəmmədova verib.

Onun sözlərinə görə, anasını evin damından asılı vəziyyətdə gəlinləri, qardaşının arvadı Rəna aşkar edib. Bu məlumatı Səbinəyə xalası verib.
Səbinə Məhəmmədova iddia edir ki, qardaşı Seymur tamah məqsədi ilə anasını intihara məcbur edib:

"Seymur bacımı bıçaqlayıb, anamı dəfələrlə döyüb, bunun şahidləri var, bir dəfə də mənim həyatıma qəsd edib. O, məni elə bir günə qoymuşdu ki, polisə mürəciət etdim, bununla bağlı məhkəmə oldu və qardaşım 6 ay həbs cəzası çəkdi. Qardaşım anama nə bacımla, nə də xalalarımla görüşməyə icazə vermirdi. Bunu bacım və xalalarımda sübut edə bilər. Anam hər gün döyülüb, söyülüb. Onun 59 yaşı var idi. Anam istixanada işləyib evə pul gətirirdi. İntihar etdiyi gün isə Bakıya gələcəkmiş. Anamın psixoloji problemi yox idi ki, deyəsən özü istəyərək intihar edib. Sadəcə olaraq qardaşım və onun həyat yoldaşı anamı bezdiriblər deyə, o məcburən intihar edib”.
Səbinə Məhəmmədova bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini və anasının qəbrinin açılmasını da istəyəcəyini deyib..

"Ölkə.Az" məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra, anasının qəbri ekskumasiya edilib. Qızının verdiyi məlumata görə, Məxluqə Məhəmmədovanı boynunda izlər aşkarlanıb və bununla bağlı Şəmkir rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi Rəcəb Hacıyev “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Səbinə Məhəmmədovanın müraciətindən sonra cinayət məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb:

"Səbinə Məhəmmədovanın DİN-nin 102 zəng mərkəzinə şikayət edəndən sonra prokurorluğa məlumat verilib. Bundan sonra dərhal cinayət işi başlanıb, istintaq davam edir. Şikayətçinin tələbi ilə meyit ekskumasiya edilib və mərhumun boğazında kəndir izləri aşkar edilib. Qəbir açılarkən bibiləri etiraz etdi ki, meyiti özümüz yumuşuq, özümüz baxmışıq, heç bir iz yox idi. Ancaq ekspertiza zamanı məlum oldu ki, boğazda kəndir izləri var".

Böyük müstəntiqin sözlərinə görə, qardaş və bacı arasında ciddi problemlər var: "Sorğular etmişik, araşdırma aparırıq. Açığı onlar arasında mülk davası gedir. Biz də bildirdik ki, mülk məsələsinə biz baxmırıq, bunun üçün Şəmkir rayon məhkəməsinə müraciət etsinlər. Dəqiq deyə biləcəyimiz bir söz var ki, Məxluqə Məhəmmədova öldürülməyib, bədənində başqa heç bir iz aşkarlanmayıb".
Əldə etdiyimiz məlumata görə, Məxluqə Məhəmmədovanın intiharı ilə bağlı Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına da məlumat verilməyib.
Stansiyanın həkimi Hacıyeva Səbinə bildirib ki, 2018-ci il yanvar ayının 4-də Şəmkir rayon Könüllü kəndində ölüm hadisəsinin olması ilə bağlı stansiyamıza heç bir məlumat daxil olmayıb. Yəqin ki, ölüm faktı olub, meyiti özləri yuyub basıdırıblar".

Səbinənin qardaşı Seymur Məhəmmədov isə deyilənləri böhtan adlandırır.

"Mənim heç bir günahım yoxdur. Bacım mənə böhtan atır. O, Ukraynadan gəlib ki, məni həbs etdirib ata mülkümüzə sahib çıxsın".

Anasını asılmış vəziyyətdə taparkən hüquq mühafizə orqanlarına məlumat verməməsinə gəldikdə isə, Seymur Məhəmmədov bildirir ki, anasını asılı gördükdən sonra şoka düşüb:

"Savadım olmadığıma görə başım çıxmadı ki, müraciət etmək lazımdır. Xalalarım da gəlib mənim üstümə düşdü ki, günahkar mənəm. Bundan sonra tamamən başımı itirdim. Meyiti onlar basıdırıblar. Mollanı, mağarı, qazanı kim tapıb gətirib heç bilmirəm. Anamı basdırından sonra mənə dedilər ki, gərək polisə, təcili tibbi yardıma müraciət edərdin. Sonra da dedilər meyiti çıxaracaqlar, yaracaqlar. Mən də oturub ağlayırdım ki, başım çıxsa əvvəlcəddən müraciət edərdim, onu qəbirdən çıxarıb, camaatın içərisində yarılması pis təsir edirdi. Təsəvvürümə gətirmirdim ki, anama belə zülüm verərlər".
Qeyd edək ki, baş vermiş intihar faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda başlanılan cinayət işinin istintaqı davam edir. Bununla bağlı Seymur Məhəmmədovla yanaşı onun ailə üzvləri, hadisə şahidləri dindirilib, lazımı məhkəmə-tibbi ekspetizalar təyin edlib.
Hələlik ki, başlanılan cinayət işi ilə bağlı saxlanılan şəxs yoxdur.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ