29 fev 16:11Gundem

Prezident: “Enerji əməkdaşlığı məsələsi hər hansı siyasi formatdan azad olmalıdır”

Prezident: “Enerji əməkdaşlığı məsələsi hər hansı siyasi formatdan azad olmalıdır”Fevralın 29-da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışıb, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlət başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin “Cənub” qaz dəhlizinin reallaşmasında mühüm rol oynadığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, - deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyib, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyib, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, - deyən dövlətimizin başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.

Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına verdiyi dəstəyin işlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradacığını vurğulayıb.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətindən danışıb. “Biz Avropa İttifaqı olaraq enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik”, - deyən Maroş Şevçoviç Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük marağın olduğunu deyib. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şevçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə edib.

Qısa fasilədən sonra Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı öz işini davam etdirib.

Energetika naziri Natiq Əliyev texniki cəhətdən mürəkkəb layihə olan “Cənub Qaz Dəhlizi” ilə bağlı ötən dövrdə görülən işlərdən danışdı, tədarük olunacaq qazın Avropa ölkələrinin təchizatında mühüm rol oynayacağını deyib. Fransa, İspaniya, İtaliya, Yunanıstan kimi iri Avropa ölkələrinin layihəyə böyük maraq göstərdiyini deyən Natiq Əliyev bu layihənin reallaşmasının yeni iş yerlərinin açılmasına imkan yaratdığını bildirib.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak TANAP layihəsinin əhəmiyyətindən danışıb. O, “Cənub Qaz Dəhlizi” layihəsinin mühüm qolu olan TANAP-ın reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyinin davam etdiriləcəyini bildirib.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amoş Hokşteyn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını dedi. Amoş Hokşteyn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışdı. ABŞ təmsilçisi Birləşmiş Ştatların “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb.

Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker bu toplantını təşkil etdiyinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədiyini deyən Edmund Hosker Birləşmiş Krallıq ilə Azərbaycan arasında uğurlu işbirliyindən danışıb, bu layihənin reallaşmasında ölkəmizin rolunu vurğulayıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı bütün hədəflərin cədvələ uyğun yerinə yetirildiyini bildirdi, 2016-cı ilin layihənin icrasında mühüm dövr olacağını diqqətə çatdırıb.

Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol TANAP kəməri ilə ilk qazın 2018-ci ildə tədarük olunacağını, 2020-ci ildən isə qazın axınının başlanacağını bildirib. TANAP-ın baş direktoru layihənin texniki göstəriciləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

Sonra TANAP layihəsi ilə bağlı qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Trans-Adriatik qaz kəməri layihəsinin icraçı direktoru İn Bradşav TAP-ın tikintisinə 2016-cı ildə başlanılacağını bildirdi. O, slaydlar vasitəsilə layihə çərçivəsində görülən işlərdən danışdı. “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod Frilyand, Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo Deufemia, Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident əlaqələndiricisi Nil Makkeyn, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen “Cənub” qaz dəhlizinin strateji baxımdan önəmindən danışıblar.
loading...
XƏBƏR LENTİ