20 fev 18:21Gundem

Məşhur jurnalist İrfan Sapmaz qayıdır

Məşhur jurnalist İrfan Sapmaz qayıdırİrfan Sapmaz Ərəbistandan Türkiyəyə qayıtdı və musavat.com-a danışdı: “Azərbaycanda da bəzi jurnalist dostlarımızla iş birliyimiz olacaq”
Azərbaycan mətbuatının yaxından tanıdığı, illər öncə Bakıda nəşr olunan “Avrasiya” qəzetinə rəhbərlik etmiş türkiyəli qəzetçi İrfan Sapmaz 7 il boyunca yaşadığı Səudiyyə Ərəbistandan Türkiyəyə qayıdıb. Musavat.com xəbər verir ki, İ.Sapmaz yeni yaratdığı www.kutsalmekanlar.com adlı xəbər saytında Məkkə və Mədinədə, Qüdsdə və İslam dünyasındakı önəmli hadisələri bütün dünyaya çatdıracaq.

Bizə açıqlamasında İ.Sapmaz bildirdi ki, müqəddəs məkanlarda nələr edilməli, haralara gedilməli, harada qalmaq mümkündür kimi suallara, mövzulara da bu saytda aydınlıq gələcək. Bundan başqa, dünyanın ən gözəl quran oxuyan hafizlərinin görüntüləri də saytda yer almağa başlayıb. Sayt ilk mərhələdə Anadolu türkcəsi ilə yayına start verib. İ.Sapmaz saytın eyni zamanda ərəb və ingilis dili versiyalarını hazırlayacaqlarını da dedi.
Musavat.com-a müsahibəsində İ.Sapmaz bəzi suallara aydınlıq gətirdi.

-İrfan bəy, Səudiyyə Ərəbistandan İstanbula qayıtdığınızı eşitdik. Uzun müddət Ərəbistanda çalışmısız. Türkiyənin bu cür qaynayan dönəmində geri qayıtmağınızın səbəbi nədir?

-Bəli, uzun müddətdir - 7 ildir Anadolu Agentliyinin Səudiyyə Ərəbistanı təmsilçisi, daha sonra TRT-nin təmsilçisi olaraq körfəz bölgəsi, ərəb dünyası və islam dünyasındakı yenilikləri izlədim. Ancaq İstanbula qayıtmağa ailəlikcə qərar verdik. Çünki bildiyiniz kimi, 33 illik peşə fəaliyyətimin çox böyük qismini, haradasa 25 ilini ölkə xaricində keçirdim. Artıq Türkiyədə yaşayıb, qəzetçilik etməyə qərar verdim. İstanbulu və Türkiyəni də çox özləmişdik. Ona görə də geri qayıtmağa qərar verdik.

- Türkiyədə hər hansı iş təklifi almısızmı? O saytdan başqa nə işlə məşğul olacaqsız?

-Hazırda hər hansı bir media qurumu ilə anlaşmamışam. Telekanallar və müxtəlif media quruluşlarından iş təklifləri gəlir, dəyərləndirirəm. İş görüşmələri edirəm. Amma bu arada uzun zamandır beynimdə yer alan bir ideya üçün – internet saytı qurmaq üçün çalışmalara başladıq. Hazırda www.kutsalmekanlar.com adlı bir internet saytı qurdum. İndi də www.gazeteci.com.tr adlı internet saytını beynəlxalq bir xəbər saytı kimi qurmaq üçün müəyyən addımlar atırıq. Türkiyədə də ilk dəfə yeni bir xəbər saytı formatında çıxacaq. Öncə türkcə, ardınca isə rus, ərəb və ingilis dilində onu bütün dünyada yayına keçirməyi planlaşdırırıq. Rus dili ilə yanaşı Azərbaycan türkcəsi və digər Türk cümhuriyyətlərinin öz dillərində qəzetlərini çıxaracağıq inşallah. Və son 5 aydır ki, bu istiqamətdə işlər davam edir. Mən də 10 günə yaxındır ki, İstanbula qayıtmışam. www.gazeteci.com.tr domain adı uzun müddətdir ki, məndə idi, Türkiyə üçün çox dəyərli bir addır. Saytda Azərbaycan başda olmaqla, Qafqazlarda və Orta Asiyada baş verən gəlişmələri də yaxından izləyəcəyik. Bu çərçivədə Azərbaycanda da bəzi jurnalist dostlarımızla iş birliyimiz olacaq.

- Azərbaycana qayıtmağı planlaşdırırsızmı? Burda yenidən bir qəzet və ya sayt açmaq fikriniz varmı?

- Öncə bunu deyim ki, Azərbaycandan ötrü çox darıxmışam. Uşaqlarım, iki qızım Azərbaycanda dünyaya gəliblər. Orada oxuyub böyüyüblər. Mən və həyat yoldaşımın ürəyində də Azərbaycanın yeri bir başqadır. Çünki İstanbulda evləndik və ardınca dərhal Azərbaycana “Hürriyyet”in təmsilçisi olaraq göndərildim. Və ən gözəl illərimiz Azərbaycanda keçdi. Azərbaycanda ATA agentliyini və “Avrasiya” qəzetini qurduq. Və Türkiyənin “Hürriyyet”, CNN Türk, NTV kimi ən böyük media qurumlarının da təmsilçiliyini etdim. Uzun illər boyunca Azərbaycanın səsini dünyaya çatdırmaq üçün çalışdıq. Azərbaycan xalqı bizi bağrına basdı və illər boyu bizi ən gözəl şəkildə qonaq etdilər. Azərbaycanı unutmağımız mümkün deyil. Hazırda Azərbaycana gəlmək kimi bir planımız yoxdur. Ancaq insanın proqramının nə olduğu önəmli deyil, Allahın bizlər üçün proqramının nə olduğu önəmli. Bir gün yenidən Azərbaycanda yaşamaq nəsib olarmı, bilmirəm. Allah yaxşısını və gözəlini bilir. Hazırda İstanbulda qəzetçiliyə davam etməyi planlaşdırırıq.

-Türkiyənin son halını bir qəzetçi gözü ilə necə qiymətləndirirsiz? Bir-birinin ardınca terror olaylarının yaşanması ölkəni hara aparır sizcə? Bunun davamında nələr ola bilər?

-Uzun illər boyu dünyanı gəzən bir jurnalist olaraq bunu deyə bilərəm: Tək hədəf Türk İslam dünyasında lider durumunda sürətlə irəliləyən Türkiyəni bölüb - parçalamaqdan ibarətdir. Bu çərçivədə hər fürsətdə Türkiyənin, başda Azərbaycan olmaqla digər türk cümhuriyyətləri və İslam cümhuriyyətləri və islam ölkələri ilə olan bərabərlik anlayışını parçalamaq və yox etmək istəyirlər. Əsas hədəf budur. Çünki Türkiyə son 12 ildə inanılmaz bir güc qazanıb. Dünyada sözü keçən bir ölkə halına gəlib. İqtisadi, siyasi və müdafiə sənayesi və dünya ölkələrinin ən vacib aktyorları sırasında yer aldı. Türkiyə hazırda dünyada müdafiə sənayesində ən çox silah satan ölkələr siyahısında 7-ci sıradadır. Buna görə də başda ABŞ və Qərb ölkələri olmaq üzrə, bir çox insanı, ölkələri, liderləri qorxudur. Bunun üçün də kürd məsələsini daim qaşıyırlar. Ölkə içərisində Suriyada və İraqda daim bir kürd dövlət kartını Ankaraya qarşı istifadə etmək istəyirlər. Bütün hücumların arxasında bunlar var.

“Türkiyə və Azərbaycan çiyin-çiyinə vermək məcburiyyətindədir; başqa çıxış yolu yoxdur”


- Suriyaya qoşun yeritməklə bağlı bir plan barədə tez-tez müzakirələr olur…

- Türkiyənin hazırda bu məsələ ilə bağlı nə edəcəyi dünyanı maraqlandırır. Amma Ankaranın səbrinin daşmaq olduğunu görürəm. Hər fürsətdə prezident Rəcəb Teyyub Ərdoğan, baş nazir Əhməd Davudoğlu da bunları dilə gətirir. Bir müddət öncə Rəcəb Teyyub Ərdoğan və tez-tez səfərlərini təqib etdiyim baş nazir Əhməd Davudoğluna hər zaman ünvanladığım bir sual vardı: Niyə Türkiyə hədəf taxtasındadır? Hər ikisinin də dilə gətirdiyi ortaq nöqtə isə belə idi ki, “Türkiyə sürətlə böyüyür və kimlərisə narahat edir”. Əhməd Davudoğlu hələ xarici işlər naziri olduğu zaman mən Anadolu Agentliyində idim və onu Misirdən izləyirdim. Bəzi özəl danışıqlarımız zamanı ona uzun-uzun Azərbaycandan danışdım. Xüsusən də Qarabağ müharibəsini çox uzun illər təqib etdiyimi ona anlatdığım zaman Rusiyanın və digər Qərb ölkələrinin bu problem niyə həll etmək istəmədikləri ilə bağlı fikirlərimi də söylədim. Türkiyənin bu mənada Azərbaycana olan dəstəklərinə görə böyük təzyiqlərə məruz qalacağını da bildirdim. Qısaca desək, nə Türkiyənin, nə Azərbaycanın, nə də digər türk cümhuriyyətlərinin ayağa qalxmasını kimsə istəmir. Buna görə Türk cümhuriyyətləri, xüsusən də Türkiyə və Azərbaycan çiyin-çiyinə vermək məcburiyyətindədir. Təəssüf ki, başqa çıxış yolu yoxdur.

-Azərbaycan mediasını uzaqdan izləyirsiniz hər halda. Təəssüratlarınız necədir? Sizin jurnalistika ilə məşğul olduğunuz dönəmdən bu yana nələr dəyişdi sizcə?

-Azərbaycandan ayrıldığım gündən indiyədək ölkə mediasını yaxından izləyirəm. Öncəliklə “Yeni Müsavat”ı ayaqda qalmağı bacardığı və dünyaya nümunə göstərilə biləcək bir qəzetçilik nümayiş etdirməyə davam etdiyi üçün, başda Rauf Arifoğlunu və bütün əməkdaşlarınızı təbrik edirəm. Dünyanın bir çox yerində Azərbaycan deyildiyi zaman öncə “Yeni Müsavat” qəzeti ağla gəlir.

Bu adı ölkə içində qazanmaq bəlkə də asandır, amma dünyada bu, asan deyil. Bütün mediada çalışan dostlarımızın qəzetlərini, saytlarını ayaqda saxlaya bilmək üçün necə mübarizə apardıqlarına şahidlik edirəm. Təbii ki, mənim çalışdığım dönəmlərdə internet bu qədər sürətlə yayılmamışdı. Amma indi internet çox yayılıb və sosial medianın təsir gücü də böyükdür. Mənim həmkarlarıma tövsiyəm budur ki, dünya mediasını çox yaxından izləsinlər. Özəlliklə də dünyada artıq yazılı media, yəni, qəzetlər bitmə nöqtəsinə gəlir.

Artıq dünyanın ən böyük media quruluşları belə yazılı media dediyimiz qəzetləri bağlayaraq, sadəcə internet qəzeti olaraq yayınlarını davam etdirirlər. Azərbaycanlı həmkarlarım sosial medianın önəmini daha yaxşı anlamalı və sosial medianın internetdə yer ala bilməsi üçün dəqiqə-dəqiqə sosial mediadan axan xəbərləri internet qəzetlərinə daşımalıdır. İndi biz www.gazeteci.com.tr və www.kutsalmakanlar.com kimi qurmağa başladığımız internet qəzetçiliyində buna çox önəm veririk. Bundan başqa, müxtəlif mövzularda başqa internet saytlarının da quruluş çalışmalarını edirik.

Yəni Türkiyədə prezident, baş nazir və ya ölkənin vacib isimlərinin, partiyalar, partiya sədrlərinin sosial media hesablarını, orda yazdıqlarını www.gazeteci.com.tr səhifələrinə daşıyacağıq. Eyni zamanda, dünyanın ən vacib liderlərini və adamlarını da yenə sosial media vasitəsilə səhifələrimizə daşıyacağıq.

Məsələn, ABŞ prezidenti Barak Obama sosial mediada bir şey yazdığı zaman bir neçə saniyə içərisində onun yazdığı mətnlər bizim səhifələrimizdə müxtəlif dillərdə yer alacaq. Texnologiyanın gücündən ən gözəl şəkildə istifadə edəcəyik, inşallah. Amma bunu nəzarətli şəkildə edəcəyik. Çünki sosial media hesablarında çoxlu sayda təxribatlara yol verilir. Xüsusən də Türkiyədə. Bunun üçün məsləkdaşlarım sosial media ilə internet qəzetçiliyinin inteqrasiyanı həyata keçirə bilməsələr, çox geridə qalacaqlar.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46