11 mar 18:48Gundem

İlham Əliyev bu şəxslərin maaşını artırdı - 5 sərəncam, 1 fərman

İlham Əliyev bu şəxslərin maaşını artırdı - 5 sərəncam, 1 fərmanAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 844; 2016, № 7, maddə 1264) ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3.-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Sistemin iştirakçıları aşağıdakılardır:

1.3.1. dövlət orqanları;

1.3.2. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər;

1.3.3. bu Əsasnaməyə əlavə edilmiş siyahıda nəzərdə tutulan qurumlar. ”;

1.2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Bu Əsasnamədə elektron sənəd dövriyyəsi dedikdə sistemin iştirakçıları arasında elektron sənəd mübadiləsinin və sistem çərçivəsində sənədlərin hərəkəti üzrə uçotun aparılması nəzərdə tutulur.”;

1.3. 2.3-cü bəndə “server” sözündən sonra “(o cümlədən ehtiyat server)” sözləri əlavə edilsin;

1.4. 5.1.1-ci yarımbəndə “xüsusi” sözündən sonra “texniki” sözü əlavə edilsin;

1.5. Əsasnaməyə əlavənin - “İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların siyahısı”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Müəyyən edilsin ki, UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

2.2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

2.3. UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyununa bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UEFA-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.
loading...
XƏBƏR LENTİ