19 noy 21:11Gundem

Belarus mehriban dost və etibarlı tərəfdaşdır - İlham Əliyev

Belarus mehriban dost və etibarlı tərəfdaşdır - İlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus əsgərlərini salamlayıb.

Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər birgə foto çəkdiriblər.

Sonra Prezident İlham Əliyev Belarus Respublikası müstəqilliyini bərpa etdikdən sonra Prezident Aleksandr Lukaşenkonun rəhbərliyi dövründə paytaxt Minskdə, həmçinin digər şəhərlərdə əsaslı şəkildə bərpa olunan tarixi memarlıq abidələrinin, o cümlədən kilsə, qəsr və digər abidələrin fotolarına baxıb.

Rəsmi qarşılanma mərasiminsdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

***

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

***

Noyabrın 19-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

***

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

***

Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır.

Bunu Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmkarı Aleksandr Lukaşenko ilə geniştərkibli görüşü zamanı deyib.

"Hörmətli Aleksandr Qriqoryeviç, ilk növbədə, dəvətə görə Sizə bir daha təşəkkür etmək istərdim. Belarusa səfər bizə həmişə xüsusi sevinc bəxş edir. İlk növbədə, Sizi və bütün Belarus xalqını ölkənizin sosial-iqtisadi inkişafında qazandığınız nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən Belarusa müntəzəm səfər edən bir şəxs kimi ölkənizin necə dinamik və səmərəli inkişaf etdiyini görürəm. Bizim münasibətlərimiz ölkələrimiz arasındakı səmimiyyəti və əməkdaşlığı yaxşı nümayiş etdirir. Biz bütün məsələlərlə bağlı qarşılıqlı fəaliyyət göstəririk və qəbul edilən qərarlar hökmən həyata keçirilir. Bu gün Siz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini qeyd etdiniz. Mən də öz növbəmdə qeyd etmək istərdim ki, biz bütün istiqamətlər üzrə fəal irəliləyiş olduğunu və yaxşı nəticələr qazanıldığını görürük. Bizim hər görüşümüz münasibətlərimizə təkan verir və konkret layihələrin həyata keçirilməsinə doğru aparır. Biz görülmüş işlərə yekun vururuq, gələcək qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yollarını müəyyənləşdiririk və qəbul etdiyimiz qərarları səmərəli şəkildə həyata keçiririk", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, beynəlxalq münasibətlər sahəsində əməkdaşlıq da həmişə çox səmərəli və proqnozlaşdırıla biləndir: "Biz həmişə bir-birimizi dəstəkləyirik və düşünürəm ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bizim münasibətlərin səmimiliyini yaxşı nümayiş etdirir. Biz şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Həm keçən il, həm də bu il əmtəə dövriyyəsini xeyli artırmağımıza baxmayaraq, onun artım dinamikası davam edir. Siz qeyd etdiyiniz kimi, sənaye kooperasiyası sahəsində müstəsna müsbət nəticələr əldə edilib. Lakin biz əməkdaşlığı davam etdirmək, qazanılmış səviyyə ilə kifayətlənməmək fikrindəyik. Ona görə ki, sənaye sahəsində əməkdaşlıq potensialını bundan sonra da artırmaq üçün hələ çox iş görmək olar".

"Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub.

Əlbəttə, biz Belarusun ikinci Avropa Oyunlarını keçirməyə necə fəal hazırlaşdığını diqqətlə izləyirik. Bu, təbiidir, birincisi ona görə ki, biz dostlarıq. İkincisi, birinci Oyunlar Bakıda keçirilib. Biz inanırıq ki, yaradılmış idman infrastrukturu, qonaqların qalmaları üçün gözəl şərait, habelə Belarusun beynəlxalq tədbirlərin təşkili sahəsində nümayiş etdirdiyi yüksək səviyyə Oyunların da çox yüksək səviyyədə keçirilməsinə imkan verəcək.

Siz qeyd etdiyiniz kimi, biz kənd təsərrüfatı, təhsil və elm sahələrində əməkdaşlığa da böyük diqqət yetiririk. Daha doğrusu, bizim çox yaxşı nəticələr əldə etdiyimiz sahələri sadalamaqdansa, fəal əməkdaşlıq etmədiyimiz sahələri sadalamaq daha asan olar. Bizim münasibətlərimizin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və qarşılıqlı etimadın yüksək səviyyəsidir. Düşünürəm ki, biz bu əsasda birgə səylərimizlə ölkələrimiz, xalqlarımız üçün yaxşı imkanlar yaradacaq, münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır. Əminəm ki, mənim bugünkü səfərim münasibətlərimizə yeni təkan verəcək.

Qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm və əminəm ki, yaxşı nəticələr ölkələrimiz arasında daha sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq", - dövlət başçısı vurğulayıb.
loading...
XƏBƏR LENTİ