07 noy 17:30Gundem

İlham Əliyev və xanımı yeni hipermarketin açılışında

İlham Əliyev və xanımı yeni hipermarketin açılışındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 7-də “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, hipermarketdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verildi. “Bravo” Azərbaycanın ən böyük hipermarket şəbəkəsi hesab olunur.

Bildirilib ki, inşasına ötən ilin mayında başlanılan bu ticarət obyektinin ümumi sahəsi 7 hektardan, ticarət sahəsi isə 8 min kvadratmetrdən artıqdır. Hipermarketin qapalı və açıq avtodayanacağının sahəsi 11 min kvadratmetrdən çoxdur. Bu dayanacaqlarda eyni vaxtda 800-ə yaxın avtomobil saxlanıla bilər. Zövq oxşayan müasir tərtibatlı hipermarketdə bazarlıq üçün hərtərəfli imkanlar var. Müştərilərə ən geniş çeşiddə müxtəlif növ məhsullar təqdim edilir. Yeni hipermarketdə alıcılara, həmçinin “Bravo” özəl ticarət markasına məxsus ərzaqlar, müxtəlif çeşiddə keyfiyyətli qeyri-qida məhsulları da təklif olunur.

Məlumat verilib ki, “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlərdəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır. Dövlətimizin başçısı bununla bağlı məmnunluğunu bildirdi və təbriklərini çatdırdı. Bu fakt ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, yerli ərzaq sənayesi sektorunun da sürətlə inkişaf etdiyini bir daha göstərir.

Burada “Bravo kafe”, uşaqlar üçün xüsusi zona, “Kapital Bank”, “McDonalds”, “Buta aptek” də fəaliyyət göstərəcək. Yeni iş yerlərinin açılması baxımından da “Bravo” hipermarketi əhəmiyyəti ilə seçilir. Belə ki, burada 335 nəfər işlə təmin olunub. Onların orta aylıq əməkhaqqı 540 manata yaxındır. Yeni istifadəyə verilən “Bravo” hipermarketi də şəbəkəyə aid digər yerlərdə olduğu kimi, peşəkar komandası ilə seçilir. Bir sözlə, mükəmməl xidmət üçün təlimli və təcrübəli işçi heyətin fəaliyyət göstərməsi burada müştərilərə nümunəvi xidmət etməyə imkan yaradacaq.

Ümumilikdə, indiyədək Bakı və Gəncə şəhərlərində “Bravo” şəbəkəsinə məxsus 27 mağaza, o cümlədən 3 hipermarket alıcıların ixtiyarına verilib. “Bravo” şəbəkəsinin əsas məqsədlərindən biri beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, yüksək keyfiyyətli innovativ məhsullar təklif etməkdir. Şəbəkənin bütün mağazaları müasir dizaynı ilə seçilir. “Bravo” şəbəkəsinə məxsus market və hipermarketlər daim yenilənən zəngin çeşid, qida təhlükəsizliyinə və gigiyenaya zəmanəti ilə də fərqlənir.

Sonda xatirə şəkli çəkdirilib.
loading...
XƏBƏR LENTİ