16 fev 20:16Gundem

İlham Əliyev Tovuz rayonunda

İlham Əliyev Tovuz rayonundaAzərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlətimizin başçısına məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzidir. Burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

***

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

Regionların 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Bu, həm də regionlarda hərtərəfli iqtisadi və sosial inkişafa təkan verir.

Dövlətimizin başçısı görülmüş işləri əks etdirən stendlərə baxdı.

Azərbaycan Prezidentinə avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, dövlətimizin başçısının 2014-cü il 20 avqust tarixli Sərəncamı ilə Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun inşasına Azərbaycan Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə tikintinin başlanması üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ümumi uzunluğu 33,8 kilometr olan avtomobil yolunun tikintisinə 2014-cü ilin oktyabrında başlanıb. Yolun tikintisini davam etdirmək məqsədilə Prezidentin 2015-ci il 1 iyul tarixli Sərəncamına əsasən dövlət büdcəsindən yenidən müvafiq maliyyə vəsaiti ayrılıb. Tikinti işləri yüksək standartlar səviyyəsində həyata keçirilib.

Məlumat verildi ki, üçüncü dərəcəli avtomobil yolunun eni 7, yol çiyinlərinin eni isə 2,5 metrdir. Yolun ərazisində 5 su keçidi quraşdırılıb, 2 körpü əsaslı təmir edilib. Yolun yenidən qurulması layihəsi ilə yanaşı, yolboyu yaşayış məntəqələrinin giriş və daxili yollarında da xeyli iş görülüb.

Qeyd olundu ki, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolu 32 min əhalinin yaşadığı 13 məntəqəni əhatə edir. Avtomobil yolu rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdırmağa, həmçinin iqtisadiyyatın və turizmin inkişafına mühüm töhfə verəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasının fevralın 16-da açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Bu istiqamətdə Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı icrasına başladığı layihələr mühüm əhəmiyyətə malikdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin sonlarında başlanılıb və tikinti işləri yüksək səviyyədə icra olunub. Bağça 100 yerlikdir. Burada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət guşələr yaradılıb.

Prezident İlham Əliyevə məlumat verildi ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla beş qrup fəaliyyət göstərəcək. Bağçada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq. Bu məqsədlə müasir otaqlar yaradılıb, bütün zəruri ləvazimat və təlim avadanlığı ilə təchiz olunub. Uşaqların qidalanması da diqqətdə saxlanılacaq. Burada 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Bağçanın ərazisində əyləncə meydançaları yaradılıb, attraksionlar quraşdırılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:15
Dünən, 10:41