09 noy 09:35Gundem

Bayraqları bayraq yapan üstündəki al qandır — Üçrəngli bayrağımızın tarixçəsi

Bayraqları bayraq yapan üstündəki al qandır — Üçrəngli bayrağımızın tarixçəsiHər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır.

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını lakonik, obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Hələ qədim zamanlardan başlayaraq bütün dövlətlərin özünəməxsus fərqləndirici əlamətləri – simvol və rəmzləri olmuşdur. Bunlar müxtəlif emblem, bayraq, gerb, medal və sairdən ibarət olmuşdur. Azərbaycanın dövlətçiliyi təşəkkül tapdıqdan sonra onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərinin təxirə salınmadan yaradılması tədbirlərinə əl atmışlar. Bu tədbirlər sırasında ilk növbədə gözəl təsvirli və çoxmənalı bayrağın qəbul edilməsini xüsusilə qeyd etmək lazımdır. Dövlətin mühüm atributlarından sayılan himnin və gerbin layihələri də hazırlanmış, lakin rus işğalçılarının ölkəyə müdaxiləsi üzündən təsdiq edilməsinə imkan olmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmışdır. Arxivlərdə təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Lakin bir çox sənədlər sovet hakimiyyəti illərində məhv edildiyindən dövlət rəmzləri və atributları haqqında məlumatlar dolayı mənbələrdən əldə edilir. Keçmişdə xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Məsələn, folklor və ədəbiyyatda, arxeoloji, etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, şir, əjdaha, qartal, simurq, tovuz və s. bu kimi heyvan və quşların, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçəklərin təsvirləri, həndəsi və nəbati naxışlarda həkk olunmuş obrazları simvolik məna kəsb etmiş, milli təfəkkürü, xalqın bədii zövqünü, estetik və əxlaqi təsəvvürlərini əks etdirən rəmzi mahiyyət daşımışdır. Təsadüfi deyildir ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq və istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik meylləri, gözəllik anlayışları qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Dünyanın ən hündür bayraq dirəyi

Dövlət bayrağının istifadəsi 8 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. Noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.

Bayraq günün mübarək, Azərbaycan!
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ