03 avq 19:04Gundem

“Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır”

“Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır”Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır.

“Trend” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olarkən rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşü zamanı deyib.

Ölkə başçısı bildirib: "Zaqatala rayonunda son vaxtlar o qədər sürətli inkişaf gedir ki, indi doğrudan da işləmək istəyən özü üçün iş tapar. Fındıq bağlarının sahələri artırılır, rekord həddə çatıb. Mənə verilən məlumata görə, 17 min hektara çatıb. Sovet dövründə fındıqçılıq üçün heç vaxt bu qədər əkin sahələri olmayıb.

Tütünçülük inkişaf edir, istehsal artır, daha da artacaq. Fabrik ən son texnologiyalara əsaslanır. Biz bu ənənəvi sahəni bərpa etdik. Digər sənaye müəssisələri, süd zavodu, başqa istehsalat sahələri var. İndi nəinki Zaqatalada, ümumiyyətlə, hər bir bölgədə böyük maraq var. Kənd təsərrüfatına maraq artır. İnsanlar, hətta şəhərlərdə yaşayan insanlar da kəndlərə, torpağa qayıdırlar. Çünki qayğı var, diqqət var, vəsait ayrılır, suvarma işləri aparılır. Dövlət bu işləri öz üzərinə götürür. Misal üçün, fındıqçılığın, baramaçılığın inkişafı sırf dövlət siyasəti hesabına təmin edilir. Çünki dövlət həm tingləri, pöhrələri, eyni zamanda, baramaçılıq üçün xaricdən ipəkqurdu alır, kümçülərə pulsuz verir. Sadəcə olaraq kümçülər gərək bir ay, qırx gün əziyyət çəksinlər, məhsul yetişdirsinlər və ondan sonra böyük vəsait də əldə edirlər. Ona görə indi kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi proqramlar icra edilir. Siz də qeyd etdiniz, pambıqçılıq sürətlə inkişaf edir. Biz pambıqçılığın əkin sahələrini iki il ərzində böyük dərəcədə artırmışıq. Bu il 136 min hektarda pambıq əkilib. İki il bundan əvvəl cəmi 17 min hektarda əkilmişdi. Görün nə qədər insan işlə təmin edilib. Bütün bu işləri dövlət görür, texnikanı alır, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq, pambıqçılıq üçün fermerlərə subsidiyalar verir. Həmçinin suvarma işlərini aparır, kreditlər verir. Sahibkarlara elə şərait yaradıb ki, onlar gəlib böyük sərmayə qoyurlar".

Prezident İlham Əliyev vurğulayıb ki, gülçülük sahəsinə qoyulan sərmayə də böyük sərmayədir: "Baxın, ən müasir texnologiyalarla təmin edilmiş zavod. Bu, böyük vəsait tələb edir. Xaricdən mütəxəssislər cəlb edilib. İndi xarici bazarlara çıxmaq üçün araşdırmalar aparılır. Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır. Ona görə, mən çox şadam ki, belə gözəl sahə yaradılıb. Bu günə qədər işlə təmin olunmayan yüzlərlə insan burada iş tapıb işləyir, pul qazanır, evinə aparır, özü də razıdır, dövlət də razıdır. Sizə uğurlar arzulayıram. Yaxşı işləyin ki, işlər daha yaxşı getsin".
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51