03 avq 12:53Gundem

İlham Əliyev Balakənə getdi - Foto

İlham Əliyev Balakənə getdi - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gəlib.
Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirildi ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Azərenerji Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib.

Bildirilib ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.

Qeyd edilib ki, bu layihə olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.

Dövlət başçısı Balakən Su Elektrik Stansiyasını işə salıb.

Azərbaycan Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan 12 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 18 meqavat olan beş stansiyanın inşası davam etdirilir.

Stansiyanın tikintisində 100 nəfər çalışıb. Ərazidə geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları salınıb.

***

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı muzeylə tanış olub. Məlumat verildi ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir. Binada zallar və konfrans otağı yaradılıb. Ekspozisiya zalında maraqlı eksponatlar sərgilənir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin, tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin, pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur.

Bu cür layihələrin həyata keçirilməsi, həmçinin milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa edilib. İki hərəkət zolaqlı yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti işləri zamanı yolboyu zəruri olan yerlərdə yararsız qrunt təbəqəsi qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək bərkitmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Daha sonra yolun 150 min kvadratmetr sahəsinə ikiqat asfalt-beton örtük döşənib. Layihə çərçivəsində yol boyunca 14 suötürücü boru və uzunluğu 18, eni isə 7 metr olan körpü tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

Diqqətə çatdırılıb ki, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51
14-08-2017, 12:51