11 may 07:28Gundem

"Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar"

"Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar"Erməni qəsbkarları Naxçıvana da öz çirkin əllərini uzatmışdılar. Tam əminliklə deyə bilərəm ki, əgər o vaxt Heydər Əliyev Naxçıvanda olmasaydı, bəlkə Naxçıvan da işğal oluna bilərdi. O, Naxçıvanı qorudu, naxçıvanlılar da onu qorudular. O vaxt Naxçıvanda da qanlı döyüşlər gedirdi və özünümüdafiə qüvvələri erməni qəsbkarlarını yerinə oturtdular.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdəki çıxışında deyib.

“Heydər Əliyev Naxçıvanda yaşayırdı, işləyirdi. Xalq onu dəstəkləyirdi və o da xalq üçün yaşayırdı. O vaxt Naxçıvanda önəmli qərarlar qəbul edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı rəsmi bayraq kimi qəbul edildi. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Naxçıvan Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Yəni, bu, müstəqilliyə aparan ilk addımlar idi. Naxçıvanda Yeni Azərbaycan Partiyası öz birinci təsis konfransını keçirdi və beləliklə, Azərbaycanda siyasi sistem formalaşdı. Əlbəttə ki, xalq da bunu bilirdi, görürdü, həm Naxçıvanda, həm Bakıda. Xalq Heydər Əliyevin Bakıya gəlməsini səbirsizliklə gözləyirdi”, - prezident əlavə edib.

İlham Əliyev vurğulayıb ki, bu ərəfədə AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox ağır problemlərlə üzləşdi, Şuşa, Laçın, Kəlbəcər rayonları işğal altına düşdü:
“Beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yarandı. AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Azərbaycanda vətəndaş müharibəsinə start verdi. Gəncəni bombalayırdılar. Orada torpaqlar əldən gedirdi, bunlar da burada öz laxlayan hakimiyyətini saxlamaq üçün Gəncə şəhərini bombalayırdılar. Əlbəttə ki, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilməzdi, cəmi bir il dözə bildi və 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

O da bir dönüş nöqtəsi idi. Çünki Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Həm siyasi böhran, hərbi böhran, iqtisadi tənəzzül yaşanırdı və əlbəttə ki, ölkəmizin gələcək taleyi çox qaranlıq idi. Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müddət ərzində Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxarmışdır. Baxmayaraq ki, hələ 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir və o cəhdin də qarşısını Azərbaycan xalqı aldı. Heydər Əliyev o vaxt da liderlik keyfiyyətlərini nümayiş etdirib, xalqa televiziya vasitəsilə müraciət edib, onu dövləti müdafiə etməyə dəvət edib və onun müraciətinə cavab olaraq on minlərlə insan meydanlara, küçələrə, Prezident Administrasiyasının önünə toplaşdı və beləliklə, həm 1994-cü ildə, həm 1995-ci ildə dövlət çevrilişinə cəhd alınmadı.

1996-cı ildən isə artıq sabitlik, inkişaf dövrü başlayır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü. O vaxt dövlətçiliyin əsasları qoyuldu. O vaxt azərbaycançılıq ideologiyasının təqdimatı oldu və xalq da buna çox müsbət yanaşdı və bu gün də azərbaycançılıq fəlsəfəsi bizim mühüm ideoloji əsasımızdır. O vaxt ciddi iqtisadi islahatlar aparılmışdır. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu gün də “Əsrin kontraktı”nın əhəmiyyətini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatda görür. Abadlaşan şəhərlər, gözəlləşən ölkəmiz, yaradılan infrastruktur və inkişafda olan Vətənimiz, bunun əsas səbəbi o vaxt Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi idi.

1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır”.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ