12 mar 12:01dunya

İŞİD necə çökdürüldü?

İŞİD necə çökdürüldü?İslam Dövləti (İŞİD) silahlı qruplaşması hazırda Suriyanın İraqla sərhədinə sıxışdırılıb, ABŞ-ın dəstəklədiyi Suriya qüvvələrinin mühasirəsindədir. “Reuters” agentliyi bu qruplaşmanın yaranışı, qəddar idarə dövrü və çöküşünə nəzər salıb.

2003-cü ildə ABŞ İraqı tutandan sonrakı xaos zamanı, 2004-11-ci illərdə əl-Kaidə qruplaşmasının bir qanadı adını İraq İslam Dövləti qoydu. Bu, 2006-cı ildə baş verdi. 2011-ci ildə Suriya böhranı başlayınca qruplaşma lideri Əbu Bəkr əl-Bağdadi bu ölkəyə əməliyyatçılarını göndərərək Suriya qanadını yaratdı. 2013-cü ildə əl-Kaidədən ayrılan Bağdadi qruplaşmanın adını “İraq- Şam İslam Dövləti” qoydu.

2014-cü ildə qruplaşma İraqda Fəllücə, Suriyada Raqqanı ələ keçirdi. İyunda Mosul və Tikritə girən yaraqlılar Suriya ilə sərhədi keçirlər, Mosulun böyük məscidində Bağdadi qruplaşmanı İslam Dövləti (İD) adlandırır və xilafət elan edir.

Terror dönəmi də bundan sonra başlanır. İD İraqda minlərlə yezidini qətlə yetirir, 7 mindən çox qadını və qızı cinsi köləyə çevirir. Suriyada isə Şeitaat tayfasının yüzlərlə üzvü öldürülür. İD qərbli girovlarını qətlə yetirərək filmləşdirir.

Elə həmin ilin sentyabrında Birləşmiş Ştatlar İŞİD-ə qarşı koalisiya yaradaraq raket zərbələrinə başlayır. Suriyanın kürd YPG qruplaşması yaraqlıları Türkiyə ilə sərhəddəki Kobanidən qaytara bilir.

2015-ci ildə yaraqlılar Parisdə bir satirik qəzetə və supermarketə hücumlar təşkil edirlər, bundan sonra dünyanın ayrı-ayrı yerlərində gerçəkləşdirilən qanlı hücumlara görə İŞİD üzərinə götürür. Liviyadakı yaraqlılar xristianların başını kəsir, İŞİD-ə sadiqlik ifadə edirlər. Başqa ölkələrdə də müxtəlif qruplar hücumlar təşkil edir, amma müstəqil fəaliyyət göstərirlər.

İŞİD mayda İraqın Ramadi şəhərini, Suriyanın qədim Palmirasını ələ keçirir, amma artıq ikin sonuna hər iki ölkədə geriləmə başlanır.

İraq 2016-cı ildə Fəllücəni geri alır. Avqustda isə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) kürd YPG-nin başçılığı ilə Mənbici ələ keçirir.

Sərhədlərin yaxınlığında kürdlərin irəliləməsindən təşvişə düşən Türkiyə Suriya daxilində həm İŞİD, həm də YPG-yə qarşı hücuma başlayır. Türkiyə və YPG-nin düşmənçiliyi İŞİD-ə qarşı əməliyyatları çətinləşdirir.

“İslam Dövləti” 2017-ci ildə katastrofik məğlubiyyət yaşayır. İyunda İraq qüvvələri Mosulu geri alır və Bağdad xilafətin sonunu elan edir. Sentyabrda isə Suriya ordusu Rusiya və İranın dəstəyi ilə Der əl-Zoru qruplaşmadan təmizləyir, Fərat çayı üzərində dövlətin nəzarətini genişləndirir. Oktyabrda SDF İŞİD-i Rəqqadan çıxarır.

2018-ci ildə Suriya hökuməti İŞİD-i Dəməşqin cənubundakı Yarmukdan, eləcə də İsrailin nəzarətində olan Qolan Yüksəkliyi ilə sərhəddən uzaqlaşdırır. SDF daha sonra Fərat çayı boyunca irəliləyir, İraq qüvvələri isə sərhəd regionun qalan hissəsinə nəzarəti bərpa edir. Birləşmiş Ştatlar Suriyadan hərbçilərini çıxaracağını elan edir.

Artıq 2019-cu ildir və İŞİD yaraqlıları Suriyada Bağuz kəndində mühasirəyə salınıb.
loading...
XƏBƏR LENTİ