02 may 06:17dunya

Kürdlər Bağdada qarşı İŞİD-ə silah verib

Kürdlər Bağdada qarşı İŞİD-ə silah veribAmerikanın nüfuzlu analitik mərkəzi kürdlərin mərkəzi İraq hökumətini zəiflətmək üçün İŞİD-ə dəstək verdiyini iddia edir

ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən olan “American Enterprise Institute” ekspertləri İraq kürd muxtariyyətinin İŞİD-ə silah satdığı iddiası ilə çıxış edib. Mərkəzin ekspertlərinin hazırladığı məqalədə qeyd olunur ki, Şimali İraq kürd administrasiyası özünü demokratik və Amerika müttəfiqi kimi göstərsə də, əslində İŞİD-lə gizli şəkildə əməkdaşlıq edir.

Məqalədə iddia olunur ki, kürd administrasiyası rəhbərliyi İŞİD-in Mosulu ələ keçirməsinə dəstək vermək və bununla da mərkəzi İraq hökumətini zəiflətmək üçün Mosulun işğalından bir neçə həftə əvvəl İŞİD-ə tank əleyhinə “Kornet” raketləri də daxil olmaqla çoxlu sayda silah verib.

Eyni zamanda məqalədə iddia olunur ki, yezidilərin müraciətlərinə baxmayaraq Məsud Bərzani yezidi kürdlərini müdafiə etmək üçün silah və peşmərgə göndərməyib. Nəticədə yezidilər qətliama uğrayıb və qadınları kölə edilib. Müəlliflər iddia edir ki, bu gün də kürd administrasiyası İŞİD-i deyil, İraq könüllü hərbi birliklərini əsas düşmən olaraq görür. Kürd administrasiyası informasiya texnologiyaları müdiri Hiva Efəndi “bizim İraq könüllü qüvvələri ilə işimiz bitməmişdən əvvəl İŞİD-in yox edilməsi strateji olaraq böyük xəta olardı. Onlar (yəni İraq könüllüləri) iraqlılar üçün daha böyük təhdiddir”, deyə mesaj yayıb.
Vaşinqtonun son olaraq Bərzani hökumətinə 415 milyon dollar yardım etdiyini xatırladan müəlliflər ABŞ hökumətinin siyasətinin əslində İraqda vəziyyəti daha da gərginləşdirdiyini qeyd ediblər.

Məsələ ondadır ki, İraq kürd administrasiyası ilə Bağdad arasında gərginlik yeni fakt deyil. Bərzani liderliyindəki kürd administrasiyası özünü müstəqil dövlət elan etmək üçün ilk növbədə Bağdadın zəifləməsinə çalışır. Zaman-zaman kürd peşmərgələri ilə mərkəzi hökumətə bağlı silahlı birliklər arasında toqquşmaların çıxdığı hər kəsə bəllidir. Ən son olaraq Tuzhurmatu türkmən şəhərində peşmərgə və İraq könüllü birliklərinə daxil olan qüvvələr arasında toqquşma olmuşdu. Bu toqquşmaların daha bir hədəfi də İraqın şimalında hazırda davam edən xaos şəraitində kürdlərin daha böyük əraziləri ələ keçirmək istəyidir. Bu mənada, İŞİD-in İraqda təsirli güc olaraq qalması və terroru davam etdirməsi bir növ, Bərzaninin işinə yarayır. Çünki həm bölgədə xaos davam edir, İŞİD-dən Amerikanın dəstəyi ilə geri alınan ərazilərə kürdlər sahiblənir, həm də Bağdad İŞİD-lə savaşda zəifləyir. Bununla da əslində kürdlərin müstəqil dövlət olmaq istiqamətində yolu açılır.

Ancaq nüfuzlu mərkəzin iddiası daha ciddidir. Burada söhbət Amerikanın etdiyi yardımların, silah və sursatın İŞİD-ə verilməsindən gedir. Çünki məlum olduğu kimi, indi kürdlər bölgədə İŞİD-ə qarşı savaşan əsas qüvvə kimi çıxış edir və bu səbəblə də Qərb ölkələri – Avropa, Amerika, hətta uzaq Avstraliya belə kürdlərə silah-sursat yardımı edir. Bərzani hətta İrandan İŞİD-ə qarşı savaş məqsədilə silahlar alıb. İndi isə məlum olur ki, heç demə kürdlər yardım edilən silahlardan “ortaq düşmənə” qarşı İŞİD-lə bərabər istifadə edib. Məqsəd isə İraqın nəticədə bölünüb parçalanması, yəni Amerikanın planlarına zidd bir fəaliyyətdir. Bu iddianın müəllifinin nüfuzlu Amerika mərkəzi olduğunu nəzərə alsaq, belə aydın olur ki, Vaşinqtonda da bu işlərdən xəbərdardırlar. İndi Vaşinqton Bağdad və Ərbil arasında seçim etməli olacaq. Ya da ən azından Bərzaniyə edilən yardımları daha ehtiyatlı və nəzarət altında edilməsi qaçılmaz olacaq.


Musavat.com
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ