19 okt 11:43dunya

Nədən Qaşıqçı konsulluqda aradan götürülür?

Nədən Qaşıqçı konsulluqda aradan götürülür? Ruslan Bəşirli

Səudiyyəli jurnalist Qaşıqçının yoxa çıxması çoxsaylı suallar doğurur. Kimisə müdafiə etmək və yaxud da ittiham etmək fikirindən uzağam. Lakin, bu məsələdə bir çox suallar var. Məsələn, əgər Səudiyyə Ərəbistanı Qaşıqçını öldürmək istəyirdisə, niyə bunu konsulluğun ərazisində həyata keçirirdi? Bu Səudiyyə dövləti səviyyəsində bir əməliyyat idisə, niyə bu əməliyyat bu qədər açıq verilərək həyata keçirilirdi? Adətən, xüsusi xidmət orqanları aradan götürmək istədikləri şəxsləri açıq vermədən yox edirlər.

Məsələn, Rusiya xüsusi xidmət orqanları illər öncə çeçen mühacirlərin İstanbulda silsilə qətllərini həyata keçirdi. Kimsə buna görə Rusiyanı ittiham edə bilmirdi, çünki əməliyyatlar açıq vermədən həyata keçirilirdi, çeçenlərin cəsədləri qaranlıq küçələrdə tapılırdı. Jurnalist Qaşıqçı da normal şəkildə küçədə gəzib dolaşan biri idi, nə güllə keçirtməyən avtomobili yox idi, nə də xüsusi mühafizəçisi. Onu aradan götürmək çətin bir iş deyildi. O zaman nədən Qaşıqçı Səudiyyənin dövlət binasında, konsulluqda aradan götürülür?

İkincisi, Camal Qaşıqçı Səudiyyə hökuməti ilə konfiliktdə olduğu halda niyə konsulluq binasına gəlirdi? Mən, "Qaşıqçı nigaha girmək üçün konsulluq binasına gəlib" kimi gülünc iddialara qətiyyən inanmıram. Camal Qaşıqçının İstanbulda oturum izni vardı və o çox rahatca İstanbulda bələdiyyələrin birində bu nigah məsələsini həll edə bilərdi. Qaçıqçı Səudiyyə Ərəbistanında kral hakimiyyətini tənqid etmənin ağır bədəlinin olduğunu bildiyi halda, niyə konsulluq binasına girirdi?

Qısası, Qaşıqçı olayı ciddi bir məsələdir və ümumən bölgədəki siyasi proseslərə ciddi şəkildə təsir edəcək bir məsələdir. Baxaq görək, bu məsələdən kim qazanacaq, kim kayb edəcək. Türkiyə ilə Səudiyyə Ərəbistanını arasındakı normal münasibətlər kritik həddə çatacaqmı? Bölgədə yeni savaş alovlanacaqmı? Bu olayın ABŞ prezidenti Trampın "Səudiyyənin təhlükəsizliyini qoruduğumuz üçün, onlar bizə pul ödəməlidir" sözlərinə vəlihəd şahzadə Məhəmməd bin Salmanın "Biz ABŞ-da 30 il öncə dövlət qurmuşuq, ABŞ-a xərac ödəməyəcəyik" cavabı ilə bir əlaqəsi varmı? Məncə, Qaşıqçı olayının pərdəarxası qısa zamanda bilinəcək.
loading...
XƏBƏR LENTİ