21 iyn 08:28dunya

Susaraq danışan dahi – Stiven Hokinq

Susaraq danışan dahi – Stiven HokinqO, ulduzları müşahidə edir və tez-tez sual verirdi: sonsuzluq harada bitir? kainat necə sonsuz ola bilrər?
Stiven Hokinqin həyatını öyrənməyə başlayandan o, mənə kainatın səsi kimi görünüb. Təsəvvür edirsinizmi? Danışa bilməyən insanın səsini eşidirsən və o, sənə kainatın sirlərini pıçıldayır. O, danışmır, amma sən onu eşidirsən. Stiven Hokinq bununla insanlara yalnız bəşəriyyətin elmini deyil, həm də insan sevgisinin, hiss və duyğuların yalnız danışaraq deyil, susaraq da ifadə olunmasının mümkünlüyünü bəyan edir. Stiven Hokinq bəşəri sirlərin elmi mahiyyətini izah edir və susqunluğa məhkum edilməsi belə onun bu böyük missiyasının qarşısını ala bilmir. Əksinə, bu, onu daha uca səslə danışdırır.

Hər şeydən öncə məni Stivenin təbəssümü cəlb etdi

O, bəşəriyyət üçün çox işlər görüb. Bu yazıda bunlara müəyyən qədər aydınlıq gətirməyə çalışacam. Qeyd etmək istəyirəm ki, Stivenin kəşflərindən daha çox məni onun simasındakı təbəssüm cəlb etdi. Və bu təbəssümün dərinliyindən süzülüb gələn enerji, yaşamaq və yaratmaq ehtirası Stiveni çoxları kimi mənə də sevdirdi və mən onun təsirində bu sətirləri qələmə almağa başladım. Əvvəlcə məni bir məsələ narahat edirdi. Fizik olmadığım halda Stiven Hokinqin astrofizika sahəsindəki kəşflərini necə anlayacam, onların mahiyyətini necə dərk edəcəm? Amma onunla tanış olduqca gördüm ki, Stivenin elmi də onun təbəssümü qədər aydın və sadədir. O, elə bir dildə danışır ki, onu anlamamaq olmur. Əsas odur ki, onu uşaqlıq dövründən izləyəsən, onun ürəyini görə biləsən. Məqsəd və məramını duyasan.
O, 1942-ci ildə Böyük Britaniyanın Oksford şəhərində dünyaya gəlib. Stivenin valideynləri bura Londondan köçüb gəlmişdilər. Stivenin atası həkim idi. Tibb sahəsində tədqiqatlar aparırdı. Anası İzabel isə atasının çalışdığı tibb müəssisəsində katib vəzifəsində işləyirdi. Atası Stiveni də həkim görmək istəyirdi. Lakin bu, Stivenin düşüncələri ilə üst-üstə düşmürdü. O, kiçik yaşlarından bəri fizika və riyaziyyatı sevirdi. Biologiya ona maraqlı görünmürdü. Biyologiyanı “naməlum və əzbərçi" elm hesab edirdi.

Məktəbdə ümumiyyətlə o, zəif oxuyurdu. Maraqlidir, yəni doğrudanmı müəllimləri onun dərin zəkasını görmürdülər, yaxud Stiven öz zəkasını özü biruzə vermirdi. 9 yaşında sinif yoldaşları arasında ən zəif qiymət göstəricisinə malik olan Stiven getdikcə qiymətlərini yüksəltməyə nail olur və 3 il sonra məktəbi təbiət elmləri üzrə qızıl medalla bitirir.Stivenin oxuduğu məktəbdə ilk vaxtlarda riyaziyyat fənni tədris olunmurdu. Buna görə o, riyaziyyat əvəzinə fizikanı öyrənməli olmuşdu. Mənbələrdə yazılır ki, hələ kiçik yaşlarından o, ətrafdakı əşyaların necə işləməsi ilə maraqlanır, çoxsaylı suallar verir, suallarının cavabını almadan geri çəkilmirdi. Bəlkə elə buna görə də ona “Eynşteyn” ləqəbini qoymuşdular. Stiven sonralar öz xatirələrində yazacaqdı: “Sinifdə orta qiymətlər alan şagirdlərdən idim. Ancaq sinif yoldaşlarım məni Eynşteyn deyə çağırırdılar. Onlar yəqin ki, məndə istedad sezmişdilər. Mənim 12 yaşım tamam olanda sinif yoldaşlarımdan ikisi bir torba konfetdən mərc gəlmişdilər ki, mən həyatda özümə yer tapa biləcəm, ya yox. Deyə bilmirəm, bu qədər vaxt keçəndən sonra mərc xeyirə başa çatıb, ya yox.” Stiven bu suala cavab verməsə də, biz deyə bilərik ki, sinif yoldaşlarından biri mərci udub. O, nəinki həyatda özünə yer tapmışdı, bəşər tarixinin ən böyük alimlərindən biri səviyyəsinə yüksəlmişdi.
Ailədə Stivendən başqa Filippa və Meri adında iki qız övladı da dünyaya gəlmişdi. Edvard adlı qardaşını isə ailə övladlığa götürmüşdü.

Stiven Hokinq 76 il ömür yaşayıb və onun ali məktəbi bitirdikdən sonra aktiv elmi fəaliyyətinə nəzər yetirdikdə görmək mümkündür ki, onu müasir dövr fizikasının dahisinə çevirən istedadı ilə yanaşı, inadkarlığı, məqsədləri uğrunda yorulmaq bilmədən mübarizə aparmağı olmuşdu. Bəzən mənə elə gəlir ki, Stivenin bu xüsusiyyəti ona atasından keçib. Təbii ki, Stiven tibb sahəsi üzrə tədqiqatlar aparan atasını hələ uşaqlıqdan müşahidə etməmiş deyildi. Stivenin inadkarlığı, dünyanın sirlərini öyrənmək, onu anlamaq ehtirasları böyük kəşflərə yol açacaqdı.

Stiven orta məktəbi bitirdikdən sonra Oksford Universitetinə qəbul olub. 1962-ci ildə Universiteti bitirib. 1966-cı ildə isə Stiven Kembric Universitetinin Triniti-Holl kollecində fəlsəfə doktarlarının birincisi olur. Bu böyük nailiyyət idi və gənc oğlan öz elmi təfəkkürü ilə ümidlər yaradırdı.

Qarşıya qoyduğun məqsədə doğru səni ruhun və ürəyin aparır

Stiven Hokinqin həyatını incələyərkən bu dahi insanın mübariz ruhuna heyran qalmaya bilmirsən. O, öncə ağır xəstəlik üzərində qələbə qazanıb. Doğrudur, bu xəstəlik onu əlil arabasına məhkum edib, səsini əlindən alıb. Lakin Stiven Hokinq yarım əsrdən artıq zaman kəsiyində öz həyati ilə sübut etdi ki, insan ruhu sarsılmazdır, qarşıya qoyduğun məqsədə doğru səni ruhun və ürəyin aparır. Hesab edirəm ki, özündə tapdığı mənəvi güc, ruhi sarsılmazlıq onun kəşfləri ilə eyni dərəcədə əhəmiyyətə malikdir. Bəlkə bir az da üstündür. Çünki elm, kəşflər daha çox elmi dairlələri maraqlandırır, insan həyatının görünən tərəfləri isə hamı üçün maraq doğura bilir. Stiven Hokinq milyonların ruhuna təsir edə biləcək bir həyat yaşaya bildi. Onun bütün elmi nailiyyətləri də məhz güclü ruhun övladları kimi doğuldular. Məşğul olduğu işlər, üzərində işlədiyi layihələr, fundamental elmi problemlər Stivenin həyatını uzatdı, ona güc verdi.

Ürəyimdən keçir ki, Stivenin tədqiqatçılarına deyəm: bu dahinin elmi ilə bərabər onun təbəssümünü də tədqiq edin.

Stiven uşaqlığında sağlam böyüyüb. Heç bir xəstəlik onu narahat etməyib. Gənclik illərini də gələcək dahi xəstəliksiz başlayıb. Lakin xəstəlik onu 20 yaşında qəfil yaxalayıb. Həkimlər ona amyotrofik lateral skleroz (ALS) diaqnozu qoyublar. Nevroloji xəstəlik olan ALS xəstənin əzələ idarəsini itirməsinə səbəb olur.İlk dəfə bu diaqnoz onu dəhşətə gətirmişdi. Düşünmək olardı ki, hər şeyin sonu olacaq. Elə həkimlər də bu fikirdə idilər. Stiven Hokinq bundan sonra ilyarım, ən çoxu iki il yaşaya biləcək. Xəstəliyin gedişatı da bunu göstərirdi. Simptomlar sürətlə inkişaf edir. Qisa bir zamanda Hokinq iflic olur. Hərdən belə düşünürəm: Stivenin iflici ilə bərabər onun təbəssümü yaranıb. Ürəyimdən keçir ki, Stivenin tədqiqatçılarına deyəm: bu dahinin elmi ilə bərabər onun təbəssümünü də tədqiq edin. Bu təbəssüm onun ağır xəstəliyə üstün gəlməsi, yüksək ruhlu, özünəinamlı olmasından irəli gəlir. Stivenin təbəssümünün arxasında dayanan digər bir amil isə, mənim fikrimcə onun bəşəriyyətin gələcəyi haqqında düşüncələri ilə bağlı idi. O, təbəssümü ilə sanki insanlara mesaj verirdi ki, dünya fanidir, onun maddi nemətlərinə uymayın, bir-birinizi sevin, bir-birinizə dəstək olun. Axı siz bu dünyada olmayandan sonra əldə etdiyiniz milyonların sizin üçün heç bir faydası olmayacaq. Xeyirxah, mərhəmətli olun, dünyamızı qoruyun. O zaman ümumi evimiz olan Yer kürəsinin ömrünü uzada bilərik...

Gələcəyin dahisi ən fundamental kəşflərini, qlobal əhəmiyyətli əsərlərini məhz əlil arabasında, demək istədiklərini göz sinirləri vasitəsilə kompüterə köçürərək yayadıb. O, sistemli olaraq özünütəhsillə məşğul olub, elmi ədəbiyyatı ciddi şəkildə oxuyub, seminarlara, konfranslara qatılıb, elmi fikirləri, əsaslı konsepsiyaları ilə bəşəriyyəti heyran qoyub. Bu fenomenal insanın həyatının hər anından zəhmətlə əldə olunan uğur boylanır. Sistemli zehni fəaliyyət onu intellektual potensialının getdikcə daha da genişliyi ilə açılmasına şərait yaradıb.

Stiven fiziki olaraq elə bir vəziyyətə gəlib çıxır ki, adi qrip belə onun həyatı üçün təhlükə yarada bilərdi. 1985-ci ildə Stiven qırtlaq əməliyyatı keçirdi. Bu əməliyyat onun danışıq qabiliyyətini əlindən alır. Lakin bu vəziyyətdən də çıxış yolu tapılır. Stiven öz həmkarları ilə nitq sintezatoru vasitəsi ilə əlaqə saxlamağa başlayır. Bu sinezatoru Kembric Universitetində çalışan mühəndis dostları xüsusi olaraq onun üçün hazırlamışdılar. Stiven bu qurğunu müəyyən müddət sağ əlinin göstərici barmağı ilə idarə edirdi. Lakin bir müddət sonra o, bu bacarığını da itirdi. Onun özünü fiziki cəhətdən ifadə etmək üçün yalnız yanağının mimik əzələsinin hərəkəti qalmışdı. Bu əzələyə qarşılıq verən sensor ətrafdakılarla əlaqə saxlmaq üçün olan komputerə nəzarət etməyə kömək edirdi.
"Qüsurlar olmasaydı, mən də, siz də mövcud olmazdıq.”

Stiven bu sistemin köməyi ilə dəqiqədə yalnız üç söz yığır, yazılanı tələffüz etməyə və ya diskdə saxlamağa cəhd edirdi. Bu sistemin köməyilə o, yeddi kitab və çox sayda elmi və elmi-kütləvi məqalələr yazmağa nail olmuşdu. Stiven Hokinq bu aparat barədə xatirələrində yazır: Onlar hamısı çox yaxşı qarşılanmışdır, bunun, əsasən, "Speech Plus" şirkətinin yaratdığı səs sintezatorunun yüksək keyfiyyəti sayəsində olduğunu düşünürəm. İnsanın səsi çox vacibdir. Sizin nitqiniz o qədər də anlaşılan deyilsə, insanlar sizi ağıldan kəm kimi qəbul edirlər. Bu sintezator mənim indiyədək eşitdiklərimdən ən yaxşısı idi, çünki o nitqə intonasiya verir, "Doktor Kim" serialındakı Daleklərdən biri kimi danışmır. Sonralar "Speech Plus" şirkətini bağladılar və onun səs sintezi proqramı yoxa çıxdı. İndi məndə onun son üç sintezatoru qalmışdır. Onlar iridir, çox enerji sərf edir və dəyişdirilməsi mümkün olmayan köhnəlmiş çiplərə malikdirlər. Amma fərq etməz, mən özümü bu səslə tanıdıram, o mənim vizit kartım olmuşdur, odur ki, mən onu hər üç sintezator tam sıradan çıxmayınca, daha təbii səslənən yenisinə dəyişmək istəmirəm.” Stiven 2010-cu ildə “Discovery Channel”-də yayımlayan televiziya verilişində verdiyi müsahibədə öz vəziyyətini xarakterizə edərək deyirdi: "Qüsurlar olmasaydı, mən də, siz də mövcud olmazdıq.” Əslində bu, yalnız Stivenin öz vəziyytətini ifadə etmirdi. O, bu fikirləri dünyaya bir mesaj kimi ünvanlayırdı.

Ardı var...

Böyükağa MİKAYILLI,
“Təhsil və zaman” qəzetinin redaktoru
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10