02 iyn 13:52aktual

Kremlin Bakıya gizli mesajı – Politoloqdan sensasiya

Kremlin Bakıya gizli mesajı – Politoloqdan sensasiyaÖtən il noyabrın əvvəlində bildirmişdim ki, Putin Ərdoğanla görüşməzdən əvvəl Qarabağla bağlı 3 şərtini dəqiqləşdirdi. Məlumdur ki, Ərdoğan ötən il Putinlə görüşdə bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirdi. Putinin xarici siyasətinə cavabdeh olanlar münaqişənin həlli üçün 3 şərt konkretləşdirdilər: Azərbaycan Avrasiya İqtisadi Birliyi və KTMT-nin üzvü olmalıdır, münaqişənin həlli mərhələsində Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Bunun üstündən 6 ay keçsə də, yenə eyni tələblərin gündəmə gəldiyinə dair bilgi almışam.

Bu sözləri Dağlıq Qarabağ məsələsinin hazırkı durumu və Rusiyanın mövqeyinə aydınlıq gətirən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, o, həmin 3 şərti dilə gətirəndə Ermənistanda nisbi sakitlik hökm sürürdü, Serj Sərkisyanın mövqeləri güclü, Nikol Paşinyan isə sıradan bir deputat idi:

“Paşinyan geniş əhatədə tanınmadığından onun hakimiyyətə gələcəyini kimsə ehtimal edə bilməzdi. Üstəlik, Sərkisyan Avropa İttifaqı ilə saziş imzalasa da, Rusiyadan qopmağa çalışmırdı. İndi isə sadalananların hamısı baş verib, Sərkisyan hakimiyyətini itirib, Paşinyan isə Qərblə yaxınlaşmaq istəyir. Bu baxımdan qeyd etdiyim 3 şərtin aktuallığı artır. Bu günlərdə Bakıda rusiyalı ekspertlə görüşdüm. O, məni inandırmağa çalışdı ki, Rusiyanın hakimiyyət dairələrində Paşinyana inanmırlar, hətta iş o yerə çatıb ki, hakimiyyətdə və mediada qatı rus millətçiləri belə Ermənistanı kəskin tənqid etməyə başlayıblar. Aydın olur ki, Ermənistan ağasına qarşı üsyan bayrağı qaldırıb və Moskva Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq istəyir. Rusiyalı onu dedi ki, əgər Azərbaycan Avrasiya İqtisadi Birliyinə və daha sonra KTMT-yə daxil olarsa, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. “Buna kim təminat verəcək” sualını ünvanladıqda isə o, guya Kremlin Bakıdan siqnal gözlədiyini bildirdi. Hiss olunurdu ki, həmin ekspert öz adından danışmır”.

Politoloq qeyd edib ki, Avrasiya İqtisadi Birliyi və KTMT əslində amorf təşkilatlardır:

“Qazaxıstan və Belarus da bu iki qurumun üzvləridirlər və heç də müstəqilliklərini itirməyiblər və ya tamamən Rusiyadan asılı deyillər. Ancaq məsələ burasındadır ki, Azərbaycan bu iki təşkilata daxil olsa, balanslaşdırılmış xarici siyasətinin üstündən rəsmən xətt çəkəcək. Bu isə Qərblə münasibətlərimizə xələl gətirəcək. Ancaq hətta bu itkini göz önünə alaraq biz Rusiyanın istədiyi iki təşkilata üzv olsaq, Moskvanın Ermənistan hakimiyyətini sıxışdırıb torpaqlarımızın azad olunmasına yaşıl işıq yandıracağına şübhə edirəm. Həmin ekspert məni inandırmağa çalışdı ki, Putin Azərbaycana simpatiya bəsləyir və ona Bakıdan siqnal lazımdır ki, Paşinyanı cəzalandırsın. Zənnimcə, elə birinci siqnalı Putin özü bizə verməlidir ki, münaqişənin ədalətli həlli üçün real addım atmağa hazır olduğunu görək”.

Siyasi şərhçi hesab edir ki, əslində, Bakıya Moskvanın köməyi lazım deyil, yetər ki, Azərbaycana mane olmasın:

“Biz Ermənistanı güc vasitəsilə yola gətirə bilərik. Apreldə Moskva açıq-aşkar bizə mane oldu, ona görə də işi tamamlaya bilmədik. İndi əgər Moskva bizim xeyrimizə addım atmaq istəyirsə, sadəcə, mane olmasın. Ancaq buna da təminat yoxdur. Həmin ekspertlə söhbətdən sonra xəbər gəldi ki, Moskvada erməni lobbisi “erməni soyqırımının” şübhəli olmasına dair kitabın təqdimat mərasiminə mane olub. Əgər Moskva Azərbaycana doğru addım atmaq istəyirsə, bu kitabın təqdimatına mane olmamalı və həmin erməni lobbisini yerində oturtmalı idi. Bunu etmədi. Ona görə də Moskvadan müxtəlif vasitələrlə Bakıya çatdırılan “biz sizin tərəfinizdəyik” sözlərinə deyil, real addımlara inanırıq. Bu addımlar isə hələ ki, Moskvanın Bakıya simpatiyasının artdığını və torpaqlarımızın azad olunmasında bizə dəstəyini artıracağını göstərmir”.

Zəruri qeyd: Erməni lobbisinin ləğv etdirdiyi təqdimat baş tutub. Belə ki, ermənilərin bütün səylərinə rəğmən, Moskvada amerikalı tarixçi Edvard Eriksonun “Türklər və ermənilər: Qiyamçılarla mübarizə tədqiqatı” kitabının təqdimatı keçirilib.
loading...
XƏBƏR LENTİ