16 mar 10:48aktual

Müharibə qorxusu və qəfil gələn xəstəlik: Putin Sarkisyana nəyi söz verdi?

Müharibə qorxusu və qəfil gələn xəstəlik: Putin Sarkisyana nəyi söz verdi? Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya iki günlük səfəri başa çatdı.

Publika.az xəbər verir ki, Putinlə danışıqlarda dörd mövzu əsas idi: ticarət-iqtisadi əlaqələr, mədəni-humanitar məsələlər, hərbi-siyasi əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət.

Medvedevin xəstəliyi

Serj Sarkisyan Moskvada Rusiya baş naziri Dmitri Medvedevlə də görüşməli idi. Lakin Medvedev xəstələndiyini əsas gətirərək, görüşdən imtina etdi. Rusların baş nazirinin xəstəliyini Putin açıqladı və “gərək, özünü qorusun” deyə tövsiyələr də verdi. Lakin bu xəstəliyin nə dərəcədə real olduğu, yoxsa görüşdən imtina üçün bəhanə edildiyini dəqiq demək çətindir. Hər-halda son dövrlər siyasətçilərin “xəstəlik” manevrlərindən tez-tez istifadə etməsi müşahidə edilir.

Hərbi-siyasi məsələlər

Rusiyalı siyasi şərhçi Rostislav İşenko “RİA Novosti” agentliyində dərc olunan məqaləsində qeyd edir ki, İrəvan hər şeydən öncə hərbi-siyasi məsələlər və regional bloklarla bağlı müzakirələri önə çəkir.

“Əlbəttə, Ermənistanda iqtisadi problemlər kifayət qədər kəskindir. Bununla yanaşı, Ermənistanın Avrasiya İqtisadi İttifaqına təcili girişi gözlənilənin əksinə olaraq, heç bir effekt vermədi. Bütün bunlara baxmayaraq, Ermənistan üçün hər şeydən öncə hərbi-strateji vəziyyət maraqlıdır”, - deyə o bildirib.

Rus bazası genişləndirilir

Rusiyalı şərhçinin açıqlaması fonunda martın 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfəri yada düşür. Patruşev İrəvanda regional məsələlər və Dağlıq Qarabağ məsələsini müzakirə etmişdi. Sarkisyan Moskvaya gələndə isə Rusiya və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin danışıqları oldu. Danışıqlarda hərbi-siyasi əməkdaşlıq, həmçinin rusların Gümrüdəki 102-ci hərbi bazasının genişləndirilməsi məsələsi müzakirə edilirdi.

Sarkisyan “İzvestia” nəşrində dərc olunan məqaləsində Rusiya ilə birlikdə Gürmrüdə müdafiə sənayesi kompleksinin yaradılması arzusunu dilə gətirdi.

Müharibə, rusların qorxusu və Sarkisyanın istəyi

Rostislav İşenko hesab edir ki, Ermənistanın hərbi-siyasi sferaya xüsusi önəm verməsi Qarabağ münaqişəsində danışıqların dalana girməsi ilə bağlıdır.

“Münaqişə tərəfləri barışmaz mövqedədirlər. Ötən il baş verən müharibə də göstərdi ki, gərginlik istisna deyil. Bunun fonunda Sarkisyan Moskvada səfərdə olarkən, Azərbaycan prezidenti İlham Əliyevin Parisdə rəsmi səfərdə olması diqqət çəkdi. İlham Əliyev danışıqların yenidən aktivləşməsi üçün Fransanın dəstəyini qazanmağa çalışırdı. Səslənən fikirlər onun buna nail olduğunu göstərir. Çünki Fransua Olland “status-kvo qəbuledilməzdir” deməklə, Bakıya doğru aydın reverans etdiyini göstərdi. Bunu təkcə Fransanın yox, ABŞ-ın da mövqeyi hesab etmək olar. Buna paralel olaraq, Putinin Moskvada Sarkisyanla hərbi-siyasi məsələlər ətrafında müzakirələr aparması kobud desək, Rusiyanın Ermənistanda gücünü artırmaq cəhdləridir. Güman ki, Sarkisyan da mediaya qapalı olan görüşdə Putindən hərbi-siyasi sferada dəstək istəyib. Putin də belə dəstəyin veriləcəyini deyib”, - deyə siyasi şərhçi diqqətə çatdırıb.

Lakin Rostislav İşenko əlavə edir ki, Rusiya Azərbaycanla münasibətlərə xüsusi önəm verir.

“Moskva Qarabağda gərginliyin olmasını istəmir. Çünki bu, təkcə Cənubi Qafqazda stabilliyi pozmur, həm də Rusiya sərhədlərində regional böhrana gətirib çıxara bilər. Azərbaycan həmçinin, Rusiya üçün Suriyada Türkiyə ilə ittifaqı gücləndirmək üçün də vacib ölkədir. Amma istisna deyil ki, Moskva Azərbaycan ordusu ilə müqayisədə daha zəif olan Ermənistan ordusuna dəstəyini davam etdirəcək”, - deyə o bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ